Xalidə Hasilova
Xalidə Məmməd qızı Hasilova (19 aprel 1920, Zaqatala – 5 dekabr 1996, Bakı) — Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi.
Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır.
Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18.05.1972
Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979
Qırmızı Əmək Bayrağı ordeni — 18.04.1980
Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir.