Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri - AXC rəhbərliyinin hərbi silah və sursat alınması üçün İtaliya krallığına 1919-cu ildə göndərdiyi nümayəndə heyətinin səfəri nəzərdə tutulur.
== Arxa plan ==
İlk əvvəllər Azərbaycan Xalq Cümhuriyyəti İtalyan qoşunlarının Azərbaycanda yerləşdirilməsinə nail olmağa çalışırdı. Buna görə də Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə
Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin
nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi
Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini
soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya
nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun
göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında
əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi
ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və
hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya
tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk
müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun
ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu
fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə
İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan
edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh
konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul
mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin
ordunuzu Azərbaycanda görməkdən şad olardı.