Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət.
== Haqqında ==
1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu.
Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi.
1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı.
Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.