Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri
Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı.
== Haqqında ==
Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki, "Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı.
=== İstiqlaliyyəti Bəyanatı ===
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.