Gülhüseyn Hüseynoğlu
Gülhüseyn Hüseynoğlu (tam adı: Gülhüseyn Hüseyn oğlu Abdullayev; 16 oktyabr 1923, Mollaoba – 8 iyul 2013, Bakı) — azərbaycanlı yazıçı, nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), Azərbaycanın Xalq yazıçısı (2005). Antisovet "İldırım" təşkilatının qurucularından biri.
== Həyatı ==
Gülhüseyn Hüseynoğlu 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib.
1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri olub. Təşkilatın məqsədləri Azərbaycanın müstəqilliyini əldə etmək, 1937–1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Təşkilatın qurucularından olan İsmixan Rəhimov, daha sonra Gülhüseyin Hüseynoğlu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir.