Gözün hərəki siniri
Gözün hərəki siniri (lat. nervus oculomotorius) — bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.