Həsənəliağa xan Qaradağski
Həsənəli xan Qaradaği — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi.
== Həyatı ==
Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub.
Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub".
Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524–1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər.