Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (digər adı ilə CERT. GOV. AZ / az. KİMM, en. Computer Emergency Response Team) Azərbaycan Respublikasının dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmət göstərir. Mərkəz Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərir. Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sahə üzrə görülən işlər və ümumi vəziyyət barədə rüblük qiymətləndirmə hesabatını təqdim edir.
== Mərkəzin əsas vəzifə və funksiyaları ==
kompüter təhlükəsizliyinə müasir təhdidlər haqqında istifadəçilərdən, kompüter texnikası və proqram təminatı istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan alınan informasiyanın, eləcə də konkret kompüter insidentlərinə, kompüter sistemlərinin qorunması üçün tətbiq edilən proqram-texniki vasitələrin effektivliyinə aid materialların toplanması, təhlili və müvafiq məlumat bazalarında yığılması;
kompüter təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi əsasında dövlət orqanlarındakı istifadəçilər üçün informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınmasını təmin edən ən səmərəli proqram-aparat vasitələrinin tətbiq edilməsinə dair tövsiyələrin işlənib hazırlanması, istifadəçilərə məsləhət xidmətləri və texniki kömək göstərilməsi;
kompüter sistemlərinə xaker hücumlarının qarşısını almaq üçün məlumatların operativ qəbulu və təcili kömək göstərilməsi, internet şəbəkəsinin və digər informasiya sistemlərinin, o cümlədən lokal və korporativ sistemlərin istifadəçilərinə kompüter təhlükəsizliyinə yaranan təhdidlər haqqında vaxtında məlumat verilməsi və kompüter insidentlərinin təhqiqatında dövlət orqanlarına kömək etmək;
kompüter təhlükəsizliyinin təmin edilməsinə dair proqram və texniki vasitələrin seçilməsində məsləhətlər verilməsi, kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin nöqsanları və çatışmazlıqları aşkar edildikdə proqram təminatı satıcıları ilə əməkdaşlıq;
dövlət müəssisələrinin informasiya təhlükəsizliyi bölmələrinin yaradılmasında və müvafiq normativ sənədlərin işlənib hazırlanmasında onlara kömək göstərilməsi;
kompüter cinayətləri və informasiya təhlükəsizliyinin hüquqi təminatı məsələlərinə dair müvafiq qurumlarla, xarici ölkələrdəki "CERT" şöbələri ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq, informasiya və iş təcrübəsi mübadiləsi;
dövlət orqanlarının müvafiq bölmələri ilə kompüter insidentləri haqqında zəruri informasiyanı vaxtında əldə etmək üçün qarşılıqlı fəaliyyət göstərmək və kompüter hüquq pozuntularının (xaker və virus hücumlarının) qarşısının alınmasında köməklik göstərmək və təlimat keçirmək.
== Mərkəzin funksiyaları ==
Mərkəz ona həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:
kompüter insidentləri haqqında informasiyasını vaxtlı-vaxtında qəbul edir və kompüter insidentlərinin qarşısının alınması, belə hallara yol verilməməsi və onların təhqiqi məsələlərində informasiya sistemlərinin və İnternet şəbəkəsinin istifadəçilərinə kömək göstərir;
Mərkəzin saytı vasitəsilə istifadəçilərlə qarşılıqlı informasiya fəaliyyətini təmin edir, saytda istifadə edilməsi tövsiyə olunan kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin siyahısını və sorğu informasiyasını yerləşdirir;
Mərkəz kompüter insidentlərinin aradan qaldırılmasına dair işlərin gedişində ona məlum olmuş informasiyanın həmin insidentdən zərər çəkmiş istifadəçinin razılığı olmadan üçüncü tərəfə bildirməyəcəyinə zəmanət verir.
Mərkəz Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə, təqdim edilən və yayılan informasiyaya görə öz səlahiyyətləri həddində məsuliyyət daşıyır.
Mərkəz bu və ya digər sistemlərin və resursların fəaliyyətini dayandırmaq hüququna malik deyil, lakin həmin məsələlərin həll edilməsi üçün onların müvafiq hüquq-mühafizə orqanlarına verilməsi hüququnu özündə saxlayır.
Mərkəz ondan alınmış informasiyanın düzgün başa düşülməməsi nəticəsində istifadəçilərin təqsiri üzündən baş verə biləcək səhvlərə, zərərə, birbaşa və ya dolayı itkilərin digər növlərinə görə məsuliyyət daşımır.