İtaliyanın xarici siyasəti
İtaliyanın xarici siyasəti — İtaliyanın xarici siyasətində aşağıdakı istiqamətlər prioritet təşkil edir:
Avropa İttifaqı
NATO və ABŞ
Yaxın Şərq və Aralıq dənizi regionu
Balkan regionu
Bununla yanaşı, İtaliya Respublikası istər beynəlxalq, istərsə də regional təşkilatlar çərçivəsində dövlətlərlə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. İtaliyanın xarici siyasətində prioritet sahələr isə aşağıdakılar hesab olunur:
İnsan hüquqları
Tərksilah
Ətraf-mühit
Enerji təhlükəsizliyi
Terrorizmə qarşı mübarizə
NATO – 1955-ci ildən NATO-nun üzvü olan İtaliya Respublikasının bu təşkilata qoşularkən əsas məqsədi təhlükəsizliyinin təmin olunması idi. İtaliya NATO-nun rəhbərliyi altında həyata keçirilən əməliyyat və missiyalara öz əsgərləri ilə töhfə verən 4-cü NATO ölkəsidir. İtaliya Əfqanıstandakı "Azadlığa dəstək" missiyasına 2000 nəfərdən artıq qoşun göndərmişdir. Bununla yanaşı, İtaliya 2006-cı ilin noyabr ayında İraqdan qoşunlarını çıxarsa da, ölkədə vəziyyətin sabitləşdirilməsi üçün görülən tədbirlərə dəstək verir. İtaliya həmçinin, NATO çərçivəsində Aralıq dənizi regionunda terrorçuluğa qarşı keçirilən hərbi dəniz missiyasında da iştirak edir. İtaliya NATO-nun genişlənməsini dəstəkləyir, lakin bu genişlənmə prosesi zamanı Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmasının tərəfdarıdır.
ABŞ – İtaliya ilə ABŞ arasında ümumi liberal dəyərlərə əsaslanan dostluq əlaqələri mövcuddur. Siyasi sahədə ABŞ-la İtaliya arasında bütün səviyyələrdə sıx əlaqələr qurulmuşdur və bu, heç vaxt İtaliyanın Avropa inteqrasiya proseslərində iştirakı ilə ziddiyyət təşkil etməmişdir. ABŞ və İtaliya azadlıq, inkişaf, insan hüquqlarına və ümumi dəyərlərə hörmət prinsiplərinə əsaslanan eyni fundamental dəyərləri və maraqları bölüşür.