Səlim karvansarası
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara.
Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.
Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir:
"Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328
Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62).