Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları
Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun 1918-ci ildən Aprel işğalına qədərki dövrdə keçirdiyi döyüş əməliyyatları nəzərdə tutulur. Bu döyüş əməliyyatlarının bir qismi Qafqaz İslam Ordusu ilə birlikdə, digərləri isə yalnız Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun iştirakı ilə reallaşdırılıb.
== Arxa fon ==
1918-ci ilin may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. 1918-ci ilin iyun ayında hökumət Gəncəyə köçdü və məqsədinin Bakını işğaldan azad etmək olduğunu elan etdi. Bu dövrdə isə Bakıda hakimiyyətdə daşnak-bolşevik Bakı Soveti idi.
== Daşnak-bolşeviklərin qərb yürüşü ==
Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər.