Britaniya Kolumbiyası Universiteti
Britaniya Kolumbiyası Universiteti (ing. University of British Columbia) — Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
== Tarixi ==
1908-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətində universitet yaradılması haqqında qanun qəbul edilir, lakin harada yerləşməsi qeyd olunmur. Qanuna əsasən, yaradılacaq universitetin akademik işlər üzrə Senatı, Çağırışı, İdarəçilər Şurası təsdiq edilir. 1910-cu ildə bütün əyaləti axtardıqdan sonra Vankuver şəhərinin Point Qrey ərazisi gələcək kampusun salınacağı yer kimi müəyyənləşir. 1912-ci ildə universitet Çağırışının ilk iclası keçirilir və doktor Frensis Karter-Kotton yaradılacaq universitetin ilk kansleri, prezidenti isə bir il sonra Frank Ferçayld Uesbruk seçilir.
1914-cü ildə Point Qreydə universitetin ilk binalarının tikintisi həyata keçirilir, lakin I Dünya müharibəsinin başlanması işlərin ləngiməsinə səbəb olur. 1915-ci ildə Vankuver şəhərində yerləşən keçmiş MakGill Universiteti Kollecinin qərargahında Britaniya Kolumbiyası Universiteti yaradılır. Universitet üç fakültə — incəsənət, tətbiqi elmlər, kənd təsərrüfatı fakültələrindən ibarət olur. Həmin ilin sentyabrında buraya 379 tələbə qəbul olunur.