Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Krım hökuməti və Krım türkləri ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik.
Krım hökuməti 1918-ci il iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı. 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı. Öz növbəsində, Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918-ci il noyabrın əvvəllərində Azərbaycana göndərdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Krıma göndərdiyi nümayəndələr bölgədə fəaliyyət göstərən hökumətlərlə, xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədidaşıyırdılar.
1918-ci il noyabrın 16-da Süleyman bəy Sulkeviçin başçılıq etdiyi Krım hökuməti istefa verdi. Keçmiş duma üzvü S.S. Krım yeni hökumət yaratdı. Konstitusiyalı Demokratiya Partiyası üzvlərindən təşkil edilmiş bu hökumət 1919-cu ilin əvvəllərində Denikin ordusu Krıma daxil olduqdan sonra yerli müsəlmanlara — türk-tatar əhalisinə qarşı repressiyaları gücləndirdi.