Ağa Laçınlı
Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı; 5 may 1940, Oğuldərə, Laçın rayonu – 25 noyabr 2007, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1969), filologiya elmləri namizədi.
== Həyatı ==
Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963–1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.
1966–1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.
Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.
Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub.