Liberal nəzəriyyə
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır.
Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.