Xüsusi münasibətlər
Xüsusi münasibətlər (ing. special relationship) — Böyük Britaniya və ABŞ, yaxud onların siyasi liderləri arasında siyasi, sosial, diplomatik, mədəni, iqtisadi, hüquqi, ekoloji, dini, hərbi və tarixi əlaqələri təsvir etmək üçün istifadə olunan termindir. Termin ilk dəfə 1946-cı ildə Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin çıxışında istifadə edildikdən sonra məşhurlaşmışdır. Hər iki ölkə XX və XXI əsrlərdə I Dünya müharibəsi, II Dünya müharibəsi, Koreya müharibəsi, Soyuq müharibə, Körfəz müharibəsi və terrora qarşı müharibə də daxil olmaqla bir çox münaqişələr zamanı yaxın müttəfiq olublar.
Hər iki hökumətin bir çox digər dövlətlərlə də yaxın əlaqələri olmasına baxmayaraq, Böyük Britaniya və ABŞ arasında ticarət və kommersiya, hərbi planlaşdırma, hərbi əməliyyatların icrası, nüvə silahı texnologiyası və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın səviyyəsi böyük dünya gücləri arasında "analoqu olmayan" kimi təsvir edilmişdir. Marqaret Tetçer və Ronald Reyqan kimi Britaniya və Amerika hökumət başçıları, eləcə də Toni Bleyr, Bill Klinton və Corc Buş arasında sıx əlaqələr qeyd olunub. Diplomatik səviyyədə xüsusiyyətlərə münasibətlərin "xüsusi", tez-tez və yüksək profilli siyasi səfərlər və diplomatik iş səviyyəsində geniş məlumat mübadiləsi kimi təkrarlanan ictimai təmsilçilik daxildir.
Bəzi tənqidçilər "xüsusi münasibətlər"in mövcudluğunu inkar edir və bunu mif adlandırırlar. 1956-cı il Süveyş böhranı zamanı ABŞ prezidenti D. Eyzenhauer İngiltərənin Misirə hücumu səbəbiylə funt sterlinqi müflis etməklə təhdid etmişdi. Tetçer 1983-cü ildə ABŞ-ın Qrenadaya hücumuna qarşı çıxmış və Reyqan əvvəlcə 1982-ci il Folklend müharibəsinə qarşı uğursuz təzyiq etmişdi .