Malayziyanın dövlət quruluşu
Malayziyanın dövlət quruluşu — 1957-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
== Dövlət quruluşu ==
Malayziya dünyada federal konstitusiyalı seçkili monarxiya formasında idarəetmə üsuluna malik yeganə ölkədir. Milli bayramlar olan müstəqillik günü (1957) 31 avqustda, federasiyanın yaranması günü isə (1963) 16 sentyabrda qeyd olunur. Malayziyanın konstitusiyası 31 avqust 1957-ci ildə qəbul edilmiş və bu günə qədər ona bir sıra dəyişikliklər edilmişdir.
== İnzibati ərazi bölgüsü ==
Qərbi və Şərqi Malayziya olmaqla 2 bölgəyə ayrılan Federasiya, inzibati cəhətdən 13 ştatdan və 3 federal ərazidən ibarətdir. Qərbi Malayziya (Malaya) 11 ştatı (Coxor, Kedah, Kelantan, Malakka, Negeri-Sembelan, Paxanq, Perak, Perlis, Pulau-Pinanq, Selanqor və Trenqany) və Malakka yarımadasında yerləşən 2 federal ərazini (Putradcaya və paytaxt Kuala-Lumpur), Şərqi Malayziya isə 2 ştatı (Sabax və Saravak) və Kalimantan adasında yerləşən 1 federal ərazini (Labuan) özündə birləşdirir.
== Dövlət başçısı ==
Dövlət başçısı olan Ali Rəhbər (hökmdar) və onun müavini — köməkçisi Malayziya Federasiyasının Hökmdarlar Şurası tərəfindən, Qərbi Malayziya bölgəsinə aid olan ştatların doqquz irsi hökmdarının (sultanlıqlar) arasından 5 illik müddətə seçilir.
Sultanlıqlar birlikdə Qubernatorlar Şurasını təşkil edir. Digər ştatların qubernatorları isə Şurada yalnız məşvərətçi səsə malikdirlər. Ali Hökmdar (Yanq di-Pertuan Aqonq), statusuna görə Federasiyada bütün yüksəkvəzifəli şəxslərin fövqündə durur və heç bir məhkəmə qarşısında məsuliyyət daşımır.