İstehlak Mallarının Ekspertizası Mərkəzi
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC — ödənişli yolla, ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların həyata keçirilməsini və nəticələrini təsdiq edən sənədlərin verilməsini təmin edən təşkilatdır.
27 aprel 2007-ci il tarixində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “Yeyinti Məhsullarının Keyfiyyəti və Təhlükəsizliyi Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb.
11 aprel 2008-ci il tarixində qurumun adı dəyişdirilərək İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “İstehlak Mallarının Ekspertizası Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb.
17 aprel 2012-ci il tarixdə Cəmiyyətin adı yenidən dəyişdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb.
Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-cı il tarixli 1382 nömrəli Fərmanının 10-cu bəndinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Mərkəz) əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.
Malın mənşə ölkəsi, ixrac olunan mallara münasibətdə tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin (bundan sonra - Sifarişçi) müraciəti əsasında verilir.
Malın mənşə ölkəsi müvafiq ekspertizaların nəticələri əsasında müəyyən olunur. Belə ekspertizalar Mərkəz tərəfindən yerinə yetirilir və ekspertizaların nəticələri əsasında Mərkəz tərəfindən “Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə Ekspertiza aktı” tərtib olunur və rəsmiləşdirilir.