Marksist
Marksizm — sinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl Marks və Fridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur.
Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar. Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir. Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir.
Marksizm antropologiya, arxeologiya, sənət nəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları, fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları, sosiologiya, şəhərsalma və teatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir.
== İcmal ==
Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir.