Azərbaycan Memarlar İttifaqı
Azərbaycan Memarlar İttifaqı — Azərbaycan memarlarının təşkilatı.
== Tarixi ==
1934-cü ildə SSRİ-də yaradıcılıq ittifaqlarının mərkəzləşməsi ilə bağlı müxtəlif memarlıq-yaradıcılıq ittifaqları da vahid SSRİ Memarlar İttifaqlarında birləşdirilmişdir. Azərbaycan memarları da bu cəmiyyətə daxil idi. 1934-cü ilin martında Azərbaycan memarlarının Birinci qurultayını keçirmək üçün Təşkilat komitəsi yaradılmış, Təşkilat Komitəsinin sədri Qəhrəman Məmmədov seçilmişdir. Komitə, başqa respublikalarda olduğu kimi, Azərbaycanda da Memarlar İttifaqının Nizamnaməsinin, proqramının və quruluşunun yaradılması kimi böyük işlər görmüşdür.
Birinci forumda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədr müavini Sadıq Dadaşov seçilmişdir..
Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin 50 ilə yaxın əvəzsiz sədri olmuş Mikayıl Hüseynovun da fəaliyyəti Azərbaycanda həmin illər üçün memarlıq axtarışları və inkişafı simasını təmsil etmişdir.
Azərbaycan Respublikasının siyasi və sosial-iqtisadi müstəqillik əldə etməsi ilə Memarlar İttifaqı fəaliyyətində yeni sosial şəraitə, bazar iqtisadiyyatına, demokratiyanın tələblərinə cavab verən dəyişikliklər baş vermişdir.
Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında aparıcı rol oynamış, yaradıcılıq proseslərini istiqamətləndirmişdir. Bu illərdə onlarla memar beynəlxalq müsabiqələrin laureatı adına layiq görülmüş, fəxri adlarla, orden və medallarla təltif edilmişdir.