Millətlərin psixologiyası
Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın "etnik psixologiya" adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: "xalqların psixologiyası", "milli xarakter", "milli ruh", hətta "etnik (etnoqrafik) psixologiya" (Ribo T. – 1886) və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir (X. Şteyntal, M. Lasarus, V. Vundt, Q. Lebon və b.). Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır .
XX əsrin 30-cu illərindən başlayaraq Qərbdə bu təlimin özünün də nəzdində differensasiya gedərək, etnik psixologiya özü də iki fərqli qola – psixoloji antropologiya və krosskultur psixologiya qollarına ayrıldı. Bunlardan birincisi – insanların müxtəlif mədəniyyət şəraitdə necə düşünüb, hiss edib, reaksiya verib, hərəkət etməsini (başlıca nümayəndələri R. Benedikt, M. Mid, K. Klakxorn, R. Linton, K. Dyubua və b.); ikincisi isə – fərqli etnik və mədəni qruplara məxsus individlərin psixologiyasındakı oxşarlıq və fərqləri, həmçinin, sosio-mədəni, ekoloji və bioloji xüsusiyyətlərindəki psixoloji fərqlərin əlaqəsini və zaman keçdikcə bu fərqlərdə yaranan dəyişiklikləri öyrənməklə məşğul olur (bu sonuncusu həm də müqayisəvi-mədəni psixologiya adı ilə də tanınır). Postsosialist ölkələrinin psixologiyasında bunların hər ikisi etnopsixologiya və ya etnik psixologiya çərçivəsində öyrənilir (Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir).
Haşiyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır.