Qarabağda minalar
Qarabağ və ətraf ərazilər ən çox minalanmaya məruz qalmış regionlardan biri hesab olunur. Minalar 1990-cı illərin əvvəllərindən bəri Birinci Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra həm Azərbaycan, həm də Ermənistan qüvvələri tərəfindən yerləşdirilmişdir. Ən çox minalanmaya məruz qalmış ərazilər Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti boyunca, xüsusilə Ağdam, Füzuli və Cəbrayıl rayonları olmuşdur. Həm Azərbaycandan, həm də Ermənistandan olan hərbi ekspertlərin fikrincə, həmin ərazilərdə yer demək olar ki “mina xalçaları” ilə örtülmüşdür. Bölgə minalar və partlamamış hərbi sursatlar səbəbindən dünyada adambaşına düşən ən yüksək qəza nisbətinə malikdir.
Qondarma Dağlıq Qarabağ Respublikası rəsmi açıqlama verərək heç vaxt mina istehsal və ixrac etmədiyini, 1995-ci ildən bəri yeni minalar almadığını bildirmişdir. Onlar iddia edirlər ki, mina anbarları keçmiş Sovet İttifaqından qalan minalardan ibarətdir ( PMN, PMN-2, POMZ-2, OZM-72, TM-57 və TM-62 ).
2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunun hərbi qüvvələri Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca, daha çox mübahisəli ərazinin şərqində və şimalında piyada əleyhinə minalar yerləşdirdiklərini bildiriblər.
Dağlıq Qarabağda minalarda həlak olan və ya yaralanaraq zərər çəkənlərin dəqiq sayını demək mümkün deyil, çünki Birinci Qarabağ Müharibəsində, eləcə də ondan sonrakı dövrdən 2000-ci ilə qədər baş vermiş partlama hadisələri ilə bağlı tam məlumat yoxdur. Qondarma Dağlıq Qarabağ Səhiyyə Nazirliyinin məlumatına görə, 1993-cü ilin iyunundan 1999-cu ilin mayına qədər minalar da daxil olmaqla, partlayış qurbanlarının sayı 687 (180 ölü və 507 yaralı) olmuşdur.