İran monarxiyasının 2500 illiyi ziyafəti
İran monarxiyasının 2500 illiyi ziyafəti (fars. جشنهای ۲۵۰۰ سالهٔ شاهنشاهی ایران) - İran imperatorluğu dövlətinin və Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr və 16 oktyabr tarixləri aralığında İranın müxtəlif şəhərlərində təşkil olunmuş kompleks dövlət tədbirləri və şənlikləri.
Bayramın məqsədi İranın qədim sivilizasiyasını və tarixini işıqlandırmaq, eləcə də Şah Məhəmməd Rza Pəhləvi dövründə onun müasir nailiyyətlərini nümayiş etdirmək idi. Şənliklərdə ölkənin islamaqədərki tarixinə önəm verilir və Böyük Kirin İran tarixi üçün olan əhəmiyyətinin üzərində dayanılırdı.
Bəzi müasir tarixçilər sözügedən ziyafətin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının başlanmasının əsas kulimnasiya nöqtələlərindən biri hesab edirlər.
İdeyanın 1958-ci ildə, millətçi İran alimi və intellektualı Şücaəddin Şəfanın şah ailəsinə İran monarxiyasının 2500 illiyi münasibətilə təntənələr keçirməyi təklif etməsilə başladığı güman edilir. Bu rəqəm eramızdan əvvəl 559-cu ildə Böyük Kirin (Kuruş) taxta çıxaraq Əhəmənilər sülaləsinin əsasını qoymasından hesablanırdı. Bayram tədbirlərilə yanaşı İranın bəşər sivilizasiyasının inkişafına təsirini öyrənən elmi konfransın keçirilməsi nəzərdə tutulurdu.
Təklif şahın xoşuna gəldi və 1960-cı ildə müvafiq təşkilat komitəsi yaradıldı. Əvvəlcə böyük təmtəraq nəzərdə tutulmurdu və ayrılan büdcə 3,5 milyon dollara bərabər idi.