Monofoniya
Monofoniya (q.yun. μόνος – tək; φωνή – səs) — bir neçə mənbədən (məsələn, orkestr alətlərindən) gələn səs dalğalarını birlikdə bir daşıyıcı üzərinə yazan səsyazma üsulu. Yazı ümumi qurğudan (məsələn, renroduktordan) səsləndirilir. Bu zaman müxtəlif mənbələrdən alınmış səslər sanki bir nöqtədən eşidildiyi üçün səslənmənin perspektivliyi təhrif olunur, səsin tembri dəyişir, ayrı-ayrı mənbələrə uyğun səslərin eşidilmə dəqiqliyi azalır və s. Monofonik səsyazma tədricən daha təkmil stereofonik səsyazma ilə əvəz olunur.