Azərbaycan muğamı
Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir.
Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.
Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.