İkinci Qarabağ müharibəsinin xronologiyası
Qarabağ döyüşlərinin xronologiyası — 27 sentyabr 2020-ci ildə başlayan Qarabağ döyüşlərinin günlük hadisələri.
== Xronologiya ==
=== 27 sentyabr ===
Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Alxanlı, Şükürbəyli və Horadiz şəhəri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Eyni gündə Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən 12 ədəd "OSA" zenit-raket kompleksi aşkar edilərək məhv edilmişdir. Bundan əlavə Azərbaycan Hərbi Hava Qüvvələri cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurmuş, ekipaj üzvləri isə sağ qalmışdır.Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmiş, o cümlədən qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı) nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir.Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla açılmış atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşdur. Azərbaycan mediasının axşam saatlarında verdiyi məlumata görə Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv etmişdir. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatlarına görə, Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilmiş və bölgədə güclü partlayış baş vermişdir.Elə həmin gün İran rəsmiləri, qarşıdurmalar nəticəsində bir top mərmisinin Xudafərin şəhristanının Aşağı Xələfbəyli kəndinə tuş gəldiyini, lakin maddi ziyanın dəymədiyini və heç kimsənin xəsarət almadığını bildirmişdir.
=== 28 sentyabr ===
Bakı vaxtı ilə saat 11:00 radələrində Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib. Bir qədər sonra Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdluların da olduğunu açıqlamışdır.Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu həlak olmuşdur. Saat 11 radələrində düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olmuş, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanmışdır.