Həsən Abdullayev (fizik)
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.
Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır.
Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir.
== Həyatı ==
Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.