Rusiya Avroviziya Mahnı Müsabiqəsində
Rusiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 22 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduqdan sonra göstərdiyi zəif nəticələr səbəbindən Rusiya Avropa Yayım İttifaqının qərarı ilə 1996, 1998 və 1999-cu illərdə müsabiqədə iştirak etməmişdir. Ölkə 2008-ci ildə Dima Bilanın ifa etdiyi "Believe" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Rusiya müsabiqədə ümumilikdə 9 dəfə ilk beşlikdə yer almışdır. 2000-ci ildə Alsu, 2006-cı ildə Dima Bilan, 2012-ci ildə Buranovskiye Babuşki qrupu və 2015-ci ildə Polina Qaqarina ilə ikinci, 2003-cü ildə T.A.T.u. qrupu, 2007-ci ildə Serebro qrupu, 2016-cı ildə Sergey Lazarev və 2019-cu ildə yenidən Sergey Lazarev ilə üçüncü və 2013-cü ildə isə Dinə Qaripova ilə beşinci yeri tutmuşdur. Avroviziyada yarımfinalların tətbiq olunduğu 2004-cü ildən etibarən Rusiya həmişə müsabiqənin finalına yüksələ bilsə də, ilk dəfə 2018-ci ildə Yuliya Samoylovanın təmsilində yarımfinal mərhələsində məğlub olmuşdur.
Rus şərhçilər Ukraynaya 2016-cı ildə Avroviziyada qələbə qazandıran "1944" mahnısını tənqid edərək, mahnının İosif Stalinin əmri ilə baş tutmuş Krım tatarlarının deportasiyasına aid olduğunu və bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi mesaj olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Müsabiqənin qalibi Camala da verdiyi müsahibələrdə ifa etdiyi və bəstələdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqla əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.