Kəmalüddövlə məktubları
Kəmalüddövlə məktubları — Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat. Bu əsər Axundovun yazdığı ən mühüm tənqid tipli publisistik işi sayılır. Hind şahzadəsi Kəmalüddövlə ilə fars şahzadəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, "Kəmalüddövlə məktubları" bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir.
Axundov 1857-ci ildə köhnə müsəlman əlifbasını islah etmək məqsədilə ərəb qrafikası əsasında yeni bir əlifba layihəsi tərtib etmişdir. Bu layihəni müsəlman ölkələrində qəbul etdirmək məqsədilə o, 1863-cü ildə İstanbula getmiş, layihəni Türkiyənin baş naziri Fuad paşaya təqdim etmişdir. Layihə baş nazirin göstərişi ilə "Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə"də müzakirə edilmiş, lakin qəbul olunmamışdır.
Türkiyədən qayıtdıqdan sonra "Kəmalüddövlə məktubları" adlı bədii-fəlsəfi əsərini yazmağa başlamış,1865-ci ildə isə tamamlamışdır. O, 1866-cı ildə əsəri yaxın dostu Mirzə Yusif xanla birlikdə fars dilinə,1874-cü ildə isə görkəmli şərqşünas Adolf Berje ilə rus dilinə çevirmiş və çap etmək uğrunda çalışmışdır, lakin yazıçı bu istəyini həyata keçirə bilməmiş, arzusu gözündə qalmışdır.