Göy məscid (Məzari-Şərif)
Göy məscid (Məzari-Şərif) — Əli Məqbərəsi və Həzrət Əlinin ziyarətgahı adları ilə də tanınır - Əfqanıstanın Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərindəki cümə məscidi və məqbərədir. Məzari-Şərif və Bəlx vilayətinin əsas simvolu və vizit kartıdır. Bəzi məlumatlara görə, Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu, son saleh xəlifə Əlinin dəfn olunduğu ehtimal edilən yerlərdən biridir.
== Tarixi ==
Bəzi tarixi məlumatlara görə, Əli öldürüldükdən və nəşi Bağdad yaxınlığındakı Nəcəfdə dəfn edildikdən az sonra bəzi ardıcılları onun cəsədinin düşmənlər tərəfindən murdarlanacağından narahat olub, cəsədi gizlətməyə qərar veriblər. Cəsədi dəvənin üstünə qoyub, dəvə yıxılana qədər bir neçə həftə getdilər. Bundan sonra cəsədin dəvənin yıxıldığı yerdə basdırılması qərara alınıb. Dəfn yeri sonralar müqəddəsin məzarı kimi — farsca “Məzari-şərif” adı ilə tanınmağa başladı. Sonralar dəfn yerinin - Məzari-Şərifin (fars. مزار شریف) ətrafında eyni adlı şəhər yarandı.
Rəvayətə görə, qəbir təsadüfən aşkar edilib və qəbrin üzərində ilk ziyarətgahı Səlcuq imperiyasının sonuncu sultanı Əhməd Səncər tikdirib.