Vilyam Koplend (pivəçi)
Vilyam Koplend (ing. William Copeland; 10 yanvar 1834, Arendal[d] – 11 fevral 1902, İşikavaço[d]) və ya əsl adı ilə Yohan Martinius Toresen (norv. Johan Martinius Thoresen) – Norveç əsilli ABŞ pivəçisi. 1869-cu ildə Yaponiyada Spring Valley Brewery pivə şirkətinin əsasını qoymuşdur. O, Yaponiyada südçülük və pivəçilik ilə məşğul olmuş ilk əcnəbi şəxsdir.
Vilyam Koplend 1834-cü ildə Norveçdə Yohan Martinius Toresen adı ilə doğulmuşdur. 1840-cı illərin sonlarında Norveçdə yaşayan bir alman pivə ustasının yanında 5 il işləmişdir. O, 1850-ci illərdə ABŞ-yə miqrasiya etdikdən sonra özünə Vilyam Koplend adını götürmüş və ABŞ vətəndaşı olmuşdur.
Koplend 1864-cü ildə Yaponiyanın Yokohama şəhərinə köçmüş və araba biznesi ilə məşğul olmağa cəhd etmiş, daha sonra südçülüyə yönəlmişdir. Onun adı "Yokohama şəhərinin yazılı tarixi" əsərində 1868-ci ildə burada yaşayan avropalı və amerikalıların siyahısında göstərilmişdir.