Pərixan Sofiyeva
Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili.
Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır.
Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.