Brest qalasının müdafiəsi
Brest qalasının müdafiəsi (rus. Оборона Брестской крепости) — 1941-ci ilin 22-29 iyun tarixlərində baş vermişdir. Barbarossa əməliyyatının ilk döyüşlərindən biri idi. Brest qalası Vermaxt ilə mübarizədə Qızıl Ordu tərəfindən müdafiə edilmiş, gözləniləndən də çox düşmən hücumuna müqavimət göstərmiş və İkinci dünya müharibəsi bitəndən sonra sovet müqavimətinin rəmzinə çevrilmişdir. 1965-ci ildə Qəhrəman qala adına layiq görülmüşdür.
== Döyüş öncəsi vəziyyət ==
XIX əsrə aid Brest qalası, Nasist Almaniyası Polşa ilə müharibədə olarkən baş vermiş Brest-Litovsk döyüşünün ərazisi olmuşdu. Halbuki, 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən, Brest ətrafı, eləcə də Polşanın ərazisinin 52%-i SSRİ-yə birləşdirildi. 1941-ci ilin yayında, almanlar qalanı yenidən, lakin bu dəfə SSRİ ilə mübarizədə tutmağa çalışdılar.
Almanlar, Barbarossa əməliyyatının ilk saatları ərzində Mərkəz Ordular Qrupunun hücumu istiqamətində yerləşən Brest şəhərini və Brest qalasını tutmağı planlaşdırırdılar. Qala və şəhər Buq çayı, eləcə də Varşava–Moskva dəmiryolu xəttinin və magistralının üzərində yerləşirdi.