Qaralar (Vedibasar)
Qaralar — əvvəllər Vedibasar mahalında, sonralar isə Vedi rayonunda kənd.
Qaralar İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun aran hissəsində, Ağrıdaə vadisində kənddir. Rayon mərkəzindən 7 km məsafədə, Vedi çayının qolu olan Böyük çayın üstündə, Bakı-İrəvan dəmiryol xəttinin kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
1920-ci ilə qədər kənddə ancaq Azərbaycan tühkləri yaşamışlar. Kənddə 1873-cü ildə 443 nəfər, 1886-cı ildə 387 nəfər, 1897-ci ildə 570 nəfər, 1904-cü ildə 252 nəfər, 1914-cü ildə 256 nəfər, 1916-cı ildə 546 nəfər azərbaycanlı yaşamışdır, lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə bu faktlar təhrif edilərək 1873–1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir.
1918–20-ci illərdə bütün vedibasarlılar kimi, Qaralar kəndinin igidləri də Abbasqulu bəy Şadlinskinin başçılığı ilə "Mübariz dəstə"də erməni daşnaklarına qarşı vuruşmuşlar. 1920-ci ildə Vedinin süqutundan sonra qaralarlılar da Arazı keçərək Cənubi Azərbaycana mühacirət etmişlər. 1920-ci ilin sonlarında Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Naxçıvana gələrək "Qırmızı tabor"un tərkibində erməni daşnaklarına qarşı vuruşmuş, Şərur, Vedibasar, Gərnibasar, Dərələyəz və s. mahalların daşnaklardan təmizlənməsində fəal iştirak etmişlər.