Qalalar
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili).
İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.