Nəriman Qasımzadə
Qasımzadə Nəriman Qasım oğlu (26 dekabr 1956, Bakı) — şair, tərcüməçi, şərqşünas-alim.
== Erkən illəri ==
Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir.
== Elmi fəaliyyəti ==
Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur.
ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur.
1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır.
1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır.