Arif Rəhimzadə
Arif Rəhimzadə (3 fevral 1941, Kirovabad) — Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini (1994–2005), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə Dövlət Müşaviri, Azərbaycan Kommunist Partiyası Quba Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycanın dövlət xadimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru.
== Həyatı ==
Arif Rəhimzadə 3 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.
1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olmuşdur.
Evlidir, 2 övladı var. Rus dilini bilir.
== Siyasi fəaliyyəti ==
=== Sovet dövrü ===
1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləmişdir.
1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışmışdır.
Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olmuşdur.