Mit Romni
Mit Romni (ing. Willard Mitt Romney; 12 mart 1947) — 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru olmuşdur. 2012-ci il ABŞ Prezident Seçkisində ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən hesab olunur.
Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub.
Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984–2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistiri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib.
Mitt Romni siyasətə 1994-cü ildə qatılıb – Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkisi isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb.
2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.