Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist.
== Həyatı ==
Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir.
1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.