Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2010)
Azərbaycan Milli Məclisi sədrliyinə seçki (2010) — 29 noyabr 2010-cu il tarixində IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin seçilməsi üçün keçirilmiş seçki. Seçkidə bir namizəd — Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədov iştirak etmiş və birinci turda 121 lehinə, 1 əleyhinə səslə sədr seçilmişdir.
== Seçki qaydası ==
Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.
Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər.
Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir.