Rusiyanın Tehrandakı səfirliyində qətliam
Rusiyanın Tehrandakı səfirliyində qətliam — 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşlarının və oraya sığınan erməni fitnəkarlarının fanatik qrup tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub.
== Tarixi ==
1828-ci ilin aprelində Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edildi. 1828-ci ilin payızında səfirlik İrana gəldi. Qriboyedovun əsas vəzifəsi şahın sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və xüsusən İkinci Rusiya-İran müharibəsinin nəticələrinə görə təzminatın ödənməsinə nəzarət idi. Bütün ölkə müharibədəki məğlubiyyətin əvəzini ödəmək məcburiyyətində qaldı, bu da İran cəmiyyətində narazılığı xeyli artırdı. 20 oktyabr 1828-ci ildə Qriboyedov Rusiya imperiyasının Xarici İşlər Naziri qraf Karl Nesselrodaya məktubunda yazırdı:
Müddəalarından birində ermənilərin Rusiyanın tərkibində sərbəst şəkildə köçürülməsinin mümkünlüyünü göstərən Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bir çox ermənilər bu fürsətdən istifadə etdilər. 1829-cu ilin yanvarından başlayaraq çoxlu sayda erməni səfirliyə axışaraq Qriboyedovdan Rusiya imperiyasının işğal etdiyi Cənubi Qafqaz ərazisinə köçmək üçün icazə istədi. Şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan bu razılaşmadan istifadə edərək qaçıb səfirlikdə gizləndi. Xacənin qaçması xəbəri ilə şahın qəzəbinin həddi-hüdudu yox idi.