Şuşa Daş Sənətkarlığı Muzeyi
Şuşa Daş Sənətkarlığı Muzeyi – Azərbaycanın Şuşa şəhərində yerləşmiş muzey. Daş sənətkarlığına həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır.
Şuşa Daş Sənətkarlığı Muzeyi 1983-cü ildə Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının və şəhər camaatının birgə layihəsi ilə yaradılmışdı. Muzey Gəncə qapısının mühafizə zonasında açıq səma altında fəaliyyət göstərirdi. Bu muzey Azərbaycanda daş sənətkarlığına həsr olunmuş ilk muzey idi.
Muzey 1992-ci ildə erməni işğalı zamanı dağıdılmışdır.
Muzeydə Usta Qənbər Qarabaği, Məşədi Xaspolad, Kəblə Əkbər, Məmmədyar kimi bir çox Qarabağ memarları, nəqqaşları, xəttatları, daşyonanları və başqa sənətkarların müxtəlif dövrlərə aid 150-yə yaxın yazılı və epiqrafik sənət əsəri sərgilənirdi. Şuşanın daş sənəti tarixini və xalq sənətkarlarının daş üzərindəki sənətkarlığını əks etdirən bu əsərlər arxeoloji qazıntılar zamanı Şuşa rayonunun ərazisində aşkarlanmışdır.
Muzeydə nümayiş etdirilən oyma, yonma və kəsmə üsullarla düzəldilmiş, milli naxışlı bulaqaltı və sütunaltı daşlar, bəzəkli qapı tağları kompozisiyası, buxarı, quyu, səki və pilləkən daşları, iri ölçülü ləyənlər və məhəccərlər, su qazanları, novlar, yonma texnikasına dair nümunələr nümayiş etdirilirdi. Bu sənət əsərlərinin müəllifləri daş alətlər vasitəsilə onların üzərini bəzəmiş və yüksək keyfiyyətli sənətkarlıq nümunələri yaratmışdırlar.