Türkmənistanın dövlət quruluşu
Türkmənistanın dövlət quruluşu — 1992-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
== Dövlət quruluşu ==
Türkmənistan məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik respublikadır. 1991-ci ilin oktyabrında (Milli bayram günü olan müstəqillik günü 27 oktyabrda qeyd olunur) ölkədə müstəqillik elan edildikdən sonra 18 may 1992-ci ildə ilk Konstitusiya qəbul edilmişdir (1995, 1999, 2003, 2006, 2008-ci illərdə əlavə və dəyişikliklər edilmişdir).
== İnzibati bölgüsü ==
Etraplardan ibarət olan 5 vilayətə (Ahal, Balkan, Daşoğuz, Lebap və Marı) və Aşqabad paytaxt dairəsinə bölünür.
== Dövlət başçısı ==
Türkmənistanın ən yüksək vəzifəli şəxsi olan prezident dövlətin və icra hakimiyyətinin başçısı, silahlı qüvvələrin ali baş komandanı, milli müstəqilliyin, Türkmənistanın ərazi bütövlüyünün, Konstitusiyaya hörmətin, beynəlxalq saziş və müqavilələrin təminatçısıdır.
Milli Məclis, Nazirlər Kabineti və Ali Məhkəmə ilə yanaşı, ölkənin ali dövlət hakimiyyətini həyata keçirən Prezident 5 il müddətinə birbaşa və gizli səsvermə yolu ilə məhdudiyyətsiz sayda seçilir.
Konstitusiyanın və qanunların tətbiqi, xarici siyasət strategiyasının həyata keçirilməsi, hökumətlərarası və beynəlxalq təşkilatların etimadnamələrinin, xarici dövlətlərin diplomatik nümayəndələrinin övdətnamələrinin, habelə Türkmənistan Respublikası vətəndaşlığının verilməsi barədə qərarların qəbulu, Parlamentin razılığı ilə Ali Məhkəmə sədrinin, Baş prokurorun, daxili işlər və ədliyyə nazirinin vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, əfv və ya amnistiya verilməsi və mövcud Konstitusiyaya əsasən bir çox digər mühüm səlahiyyətli məsələlər dövlət başçısı tərəfindən həyata keçirilir.
== Icraedici hakimiyyət ==
Nazirlər Kabineti və ona rəhbərlik edən Baş nazir Türkmənistan Prezidenti tərəfindən təyin və Məclis tərəfindən təsdiq edilir. Prezident və Parlament qarşısında kollektiv məsuliyyət daşıyan Nazirlər Kabineti dövlət başçısının sərəncam və fərmanlarının, Məclisin qərarlarının, Türkmənistan Respublikasının qanunlarının icrasını təmin edir, habelə iqtisadi, sosial və mədəni sahələrin effektiv fəaliyyətinə rəhbərliyi həyata keçirir.
Baş nazir Nazirlər Kabinetinin fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir, Kabinetin işinin səmərəliliyinə görə fərdi məsuliyyət daşıyır, hökumətin iclaslarına sədrlik edir və onun qərarlarını imzalayır, dövlət başçısının göstərişi ilə Türkmənistan Respublikasını beynəlxalq münasibətlərdə təmsil edir və mövcud Konstitusiyada təsbit edilmiş digər mühüm funksiyaları yerinə yetirir.