Montessori təlimi
Montessori təlimi (it. Metodo Montessori) — italiyalı pedaqoq Mariya Montessori tərəfindən yaradılan tədris metodikası.
== Tarixi ==
26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, oyuncaq və kitabları yox idi.
Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır.
Mariya Montessori pedaqogika, psixologiya və antropologiyanı tədqiq etməyə başlayır, fransız psixoloqları Qaspar İtard (fransız həkimi) və Eduard Segenin (fransız psixiatrı) əsərlərini oxuyur, Jan Piaje (isveçrəli psixoloq və filosof), Anna Freyd (Britaniya psixoloqu Ziqmund Freydin kiçik qızı) ilə müzakirələr edir, müşahidələr və təcrübələr aparır, nəticələrin üzərində düşünür. Tədqiqatları və mütaliələri əsasında belə qərara gəlir ki, əqli geriliyi olan uşaqlar tibdən daha çox, pedaqogikanın problemidir, bu səbəbdən də onlarla xəstəxanada deyil, məktəbdə məşğul olmaq lazımdır.