Əxzi-Əsgər təşkilatlarının yaradılması haqqında qanun
Əxzi-Əsgər təşkilatlarının yaradılması haqqında qanun — Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyətin təşkilinə məsuliyyət daşıyan orqanların fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi haqqında qanun.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən 1919-cu il mayın 26-da qəbul edilmişdi. Qanunda təsbit olunurdu ki, ölkə ərazisində hərbi mükəlləfiyyətin həyata keçirilməsinə rəhbərlik edən orqan Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsidir. Bu idarə vətəndaşların hərbi xidmətə çağırılması və onların natural hərbi mükəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət etməli idi. Mərkəzi Əxzi-əsgər İdarəsi, eyni zamanda, çağırış yaşlı şəxslərin tibbi müayinədən keçirilməsinə nəzarət etməli, qəza, şəhər və dairə əxzi-əsgər şöbələrinin işi ilə bağlı şikayətlərə baxmalı, həmin şöbələrin fəaliyyəti haqqında hesabatları təhlil etməli, hərbi mükəlləfiyyətin yerinə yetirilməsi üçün zəruri olan büdcə layihəsini hazırlamalı, ayrılmış büdcə vəsaitini şöbələr arasında bölüşdürməli və digər məsələləri həll etməli idi. Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsinin rəisi daxili işlər nazirinin müavini, üzvləri isə idarənin işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliyinin nümayəndələri olmalı idilər.
Yerlərdə vətəndaşların hərbi mükəlləfiyyətlərini yerinə yetirmələri ilə qəza, dairə və şəhər əxzi-əsgər şöbələri məşğul olmalı idi. Bu orqanlara aşağıdakı vəzifələr həvalə olunurdu: çağırışçıların siyahısının tərtib edilməsi; çağırışçı siyahılarının yoxlanılması; çağırışçıların qeydiyyatı və xidmətə çağırılanların sayı barədə Mərkəzi Əxzi-əsgər İdarəsinə məlumat verilməsi; çağırışçıların hərbi xidmətə çağırılması; çağırışçıların tibbi müayinəsinin aparılması; çağırışçıların hərbi xidmətə qəbul edilməsi; məsuliyyətə cəlb edilməli olan çağırışçılar haqqında polis orqanlarına məlumat verilməsi; yerlərdə atların və qoşqu vasitələrinin qeydiyyatının aparılması və onların xidmətə cəlb edilməsi; səfərbərlik planlarının hazırlanması; hərbi xidmət zamanı xəsarət almış əsgərlərin tibbi müayinədən keçirilməsi. Qəza, dairə və şəhər əxzi-əsgər şöbəsinin rəisi yerli qəza rəisi və ya daxili işlər naziri tərəfindən təyin edilmiş şəxs ola bilərdi. Hərbi nazirlik tərəfindən ezam edilmiş zabit və kəndlərdən seçilmiş nümayəndələr qəza əxzi-əsgər şöbələrinin üzvü olmalı idilər.