Meşə vannası
Şinrin-yoku (森林浴) və ya meşə vannası – meşədə vaxt keçirərək təbiətlə əlaqə qurmaqdan ibarət olan terapevtik rahatlaşma praktikası və ya prosesi. Şinrin-yoku konsepsiyası ilk dəfə Yaponiyada ortaya çıxsa da, 2010-cu illərdən etibarən ABŞ-də populyarlıq qazanmağa başlamışdır.
"Şinrin-yoku" termini ilk dəfə 1982-ci ildə Yaponiya Meşə Agentliyinin direktoru Tomohide Akiyama tərəfindən ortaya atılmışdır. O, meşə ziyarətlərini sağlamlıq ekoturizmi ilə əlaqələndirmək üçün belə bir konsepsiya yaratmaq istəmişdir.
2004-cü ildə Yaponiyada Meşələrin Terapevtik Effektləri Assosiasiyası, 2007-ci ildə Yaponiya Meşə Tibbi Cəmiyyəti yaradılmışdır.
Şinrin-yoku ilə məşğul olmaq ağacların və otların arasında olmaq, meşənin atmosferi ilə əlaqə qurmaq deməkdir. Şinrin-yoku ilə məşğul olarkən mobil telefon və kamera kimi elektronika cihazları qıraqda qoyulur. Praktika meşədə sakitcə gəzərək yerinə yetirilir. Şinrin-yoku zamanı beş duyğudan istifadə etmək vacibdir. Praktika zamanı bunları etmək olar:
Meşənin səsinə (quşların və böcəklərin) qulaq asmaq
Ağaclara, yarpaqlara, otlara toxunmaq
Çiçəkləri və ya ağaclardan ifraz olunan efir yağlarını qoxlamaq
Ətrafı və mənzərəni müşahidə etmək
Nəfəs dərərək meşə havasının qoxusunu hiss etmək
Aparılmış elmi tədqiqatlara əsasən şinrin-yoku ilə məşğul olmaq kortizol konsentrasiyasını azaldır, qan təzyiqini aşağı salır, sinir sisteminə müsbət təsir göstərir.