Mona Liza (Prado versiyası)
Mona Lizanın Prado versiyası (isp. Mona Lisa del taller de Leonardo da Vinci) — Leonardo Da Vinçinin Luvr muzeyində saxlanan "Mona Liza" adlı portretinin Madriddəki Prado muzeyində saxlanan versiyasıdır. Portret Prado muzeyində 1819-cu ildən nümayiş etdirilsə də, onillər ərzində əhəmiyyətsiz kopya hesab edilmişdir. Lakin, 2012-ci ildə həyata keçiriən bərpa işlərindən sonra Prado Mona Lizasının Leonardonun məşhur şah əsərinin ən erkən versiyalarından biri olduğu elan edilmişdir.
"Mona Liza"nın XVII–XVIII əsrlərə aid olan və dövrümüzə çatmış onlarla nüsxələrinin olmasına baxmayaraq, Prado Mona Lizası elmi baxımdan tarixi əhəmiyyətə malik ən mühüm nüsxə hesab edilir. Həmçinin müəyyən edilmişdir ki, Prado Mona Lizası Leonardonun öz əsərini işlədiyi vaxtda və onun studiyasında, tələbələrindən biri tərəfindən çəkilmişdir. Leonardonun tələbələri arasında Salai və Françesko Melli Prado Mona Lizasının mümkün müəllifləri arasında əsas namizədlər kimi qeyd edilsələr də, bəzi tədqiqatçılar əsərin müəllifinin Leonardonun ispan tələbələrindən biri olması ehtimalını da irəli sürmüşlər.
Prado Mona Lizasının mənşəyi Leonardonun "Mona Liza"sı ilə eyni köklərə malikdir, çünki, onlar ehtimal ki, eyni studiyada və eyni vaxtda işlənmişlər. Madriddəki Alkazar Mediodia Qalereyasının 1666-cı il invertarına aid olan sənəddə əsər haqqında ilk dəfə məlumat verilir və o, "Mujer de mano de Leonardo Abince" (Leonardonun əlli qadını) kimi qeyd edilir. Lakin, əsərin İspaniya Kral Kolleksiyasına nə vaxt daxil olması bu günə kimi naməlum qalmaqdadır, lakin, XVII əsrin əvvəllərində portret artlq İspaniyada ola bilərdi.