Vyetnamın dövlət quruluşu
Vyetnamın dövlət quruluşu - 1992-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Vyetnam məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik, bir partiyalı sosialist respublikasıdır. Milli bayram günü olan müstəqillik günü (1945) 2 sentyabr tarixində qeyd edilir. Ölkə Konstitusiyası 15 aprel 1992-ci ildə qəbul edilmişdir.
Vyetnam 58 əyalətə (Anzyanq, Bakkan, Bençe, Daklak, Donqnay, Zyalay, Lonqan, Nqean, Namdin, Kontum, Futxo, Fuyen, Xatin, Xoabin, Çavin, Xanam, Şonla və s.) və mərkəz tabeçiliyində olan 5 iri şəhərə (Hanoy, Xoşimin, Dananq, Kantxo və Xayfon) bölünür.
Ölkədə milli birliyin rəmzi, müstəqilliyin və ərazi bütövlüyünün, Hökumətin sabit fəaliyyətinin və dövlət təhlükəsizliyinin təminatçısı, daxili və xarici münasibətlərdə Vyetnam Sosialist Respublikasının ali təmsilçisi olan Prezident, eyni zamanda Silahlı Qüvvələrin ali baş komandanı və Müdafiə və Təhlükəsizlik Şurasının sədridir.
Mövcud Konstitusiyaya görə, Vyetnamda birpartiyalı siyasi sistem bərqərar olduğundan, bir qayda olaraq dövlət başçıları Kommunist partiyasının üzvləri arasından seçilirlər.
Dövlət başçısı Nazirlər Kabinetinin strukturunu formalaşdırır, Milli Assambleyanın razılığı əsasında Baş naziri, nazirləri və digər ali vəzifəli şəxsləri təyin edir. Prezidentin birbaşa rəhbərliyi altında fəaliyyət göstərən nazirlər onun qarşısında fərdi məsuliyyət daşıyırlar.
Vyetnamın ali qanunverici orqanı 500 yerlik, bir palatalı Milli Assambleyadır.