Xürrəmilər
Xürrəmilər hərəkatı (fars. خُرّمدينان - Xorrâm-Dinân, ərəb. خُرَّميه Khurrāmīyah) – Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə ərəblərə qarşı Azərbaycanda başlamış, sonra Gilan, Mazandaran, Luristan və İrana yayılmış xalq hərəkatıdır.
== Üsyanın I mərhələsi ==
Xürrəmilər hərəkatının birinci mərhələsi üsyanın başlamasından Babəkin üsyana rəhbərlik etməyə başladığı zamana qədərki dövrü əhatə edir. I mərhələdə üsyanın əsas rəhbəri və aparıcı fiqur Azərbaycanın Ərdəbil şəhərindən olan Cavidan Səhrək oğlu olmuşdur. Xürrəmilər hərəkatının I mərhələsində baş verən hadisələr və döyüşlər əsasən Azərbaycan ərazisində olmuş və geniş yayılmamış, üsyan Ərəb Xilafəti üçün o qədər də böyük təhlükə törətməmişdir.
=== Xürrəmilərin ilk çıxışları ===
755-ci ildə baş verən və sözsüz ki, xürrəmilərin də iştirak etdikləri Sunbad üsyanı nəzərə alınmazsa, mənbələrdə "əl-müxəmmirə" – "qırmızı geyinmişlər" adı ilə məşhur olan xürrəmilərin ilk məlum çıxışı 162/778-ci ilə aid edilir.
Üsyanın başında "Əbd əl-Qəhhar adlı birisinin" durduğu haqqında xəbər verən ət-Təbəridən fərqli olaraq Nizamülmülk üsyan başçısının Əbu Müslimin oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların "[Ə]bu Müslim sağdır. Məmləkəti tutaq!" şüarı ilə çıxış etdiklərini dəqiqləşdirir. Nizamülmülk üsyançıları "qırmızı geyinmişlər" əvəzinə, "xürrəmdinilərlə birləşmiş" ,"qırmızı bayraq (sorxələm) batinilər" adlandırır.