Xatabala
"Xatabala" (erm. խաթաբալա) — 1906–1916, 1922 və 1925–1926-cı illərdə Tbilisidə erməni dilində nəşr edilmiş həftəlik satirik jurnal. Redaktorları Astvatsatur Yeritsyan və Aşot Atanasyan olmuşlar.
"Xatabala" jurnalının ilk nömrəsi 10 iyun 1906-cı ildə nəşr edilmişdir. Naşiri və redaktoru Tbilisidə rusdilli "Jqut" (cəmi bir nömrəsi çıxmışdır) və "Svistok" (cəmi iki nömrəsi çıxmışdır) jurnalları çıxarmış Astvatsatur Yeritsyan olmuşdur. Birinci Dünya müharibəsi dövründə 25 oktyabr 1914-cü il tarixli 7-ci nömrəsindən sonuncu nömrəsinə kimi ikidilli: erməni və rus dillərində nəşr edilmişdir. 1916-cı ildə 9 nömrədən sonra nəşri dayandırılmışdır.
Sovet dövründə iki dəfə dirçəldilmişdir. 1922-ci ildə cəmi bir nömrəsi, 1925–1926-cı illərdə toplam 7 nömrəsi çap olunmuşdur. Sonuncu nəşr edildiyi illərdə erməni, gürcü və rus dillərində çıxmışdır.